Avqustun 4–6-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) Avropa və Şimali Atlantika Regional Ofisinin direktoru Nikolas Rallo Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində mülki aviasiyanın inkişafı və əməkdaşlıq perspektivləri ilə bağlı bir sıra görüşlər keçirilib.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) İdarə Heyəti sədrinin müavini Nazim Ziyadovun iştirakı ilə Milli Aviasiya Akademiyasında keçirilən görüşdə Akademiyanın İnkişaf Planı təqdim olunub. Nikolas Rallo, həmçinin Almaniyanın "DFS" aeronaviqasiya şirkəti ilə birgə yaradılmış Aeronaviqasiya Təlim Təşkilatının fəaliyyəti ilə tanış olub.
Akademiyanın BMAT-ın "TRAINAIR PLUS" proqramına qoşulması üçün müraciət məktubu Nikolas Ralloya təqdim edilib.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində keçirilən görüşdə isə yaşıl energetika sahəsində əməkdaşlıq və mülki aviasiyada dayanıqlı aviasiya yanacağının (SAF) tətbiqi məsələləri müzakirə olunub.