Nəşrlər

Xəbərlər

Parisdə mülki aviasiyanın aktual məsələləri müzakirə edilib

ECAC mülki aviasiya Baş direktorlarının 2018-ci ildəki sonuncu müşavirəsi zamanı cari fəaliyyətinin nəticələri, ECAC-ın müstəqil hüquqi təşkilat kimi yenidən təşkili, 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Assambleyasının 40-cı sessiyasına hazırlıq məsələləri müzakirə olunub, işçi qrupların rəhbərlərinin ətraf mühit, rəsmiyyətin sadələşdirilməsi, aviasiya təhlükəsizliyi və digər məsələlərə dair hesabatları dinlənilib. 2025-ci ilədək hava daşımalarının həcminin dünya üzrə 2 dəfə artması və səsdən sürətli təyyarələrin istismarına başlanılması ehtimalı vurğulanaraq, bu amillərin ətraf mühitə zərərli təsiri məsələləri müzakirə edilib.
ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun direktoru cənab L.F. Almeyda ilə görüşdə Dövlət Mülki Aviasiya Agentliyində 02-11 iyul 2018-ci il tarixlərində keçirilmiş beynəlxalq auditin müsbət nəticələri və əldə olunmuş tərəqqi qeyd edilib. Cənab Almeyda ICAO-nun Monreal şəhərindəki baş qərargahında Azərbaycan tərəfinin əldə etdiyi tərəqqi barədə müsbət məlumatın olduğunu Azərbaycan nümayəndə heyətinə bildirərək, texniki yardımın davam etdirilməsini və ikinci mərhələyə başlamağı təklif edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Arif Məmmədov L.F.Almeydaya yüksək qiymətə görə təşəkkürünü bildirərək, ölkəmizin 2019-cu ildə ICAO ilə yenidən əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.
Görüş zamanı ICAO-nun nümayəndələri 2019-cu ilin 19-21 mart tarixlərində Parisdə mülki aviasiya qurumlarının Baş direktorlarının müşavirəsinin nəzərdə tutulduğunu bildirərək, Azərbaycan nümayəndə heyətinə müşavirəyə dəvət məktubu və gündəlik təqdim ediblər.