Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 mart tarixli 520 nömrəli Sərəncamı ilə “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Dövlət Proqramının Tədbirlər Planına əsasən, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin təmin edilməsinin davamlı monitorinqləri təşkil edilməlidir.
Bununla əlaqədar, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsində iştirak edən dövlət orqanları (qurumları) ilə birlikdə ilk monitorinqlər 2026-cı ilin 7–11 sentyabr tarixlərində Laçın, Zəngilan, Füzuli və Lənkəran Beynəlxalq Hava Limanlarında, 2026-cı ilin 14–18 sentyabr tarixlərində isə Qəbələ, Zaqatala və Gəncə Beynəlxalq Hava Limanlarında təşkil olunmuşdur.
Monitorinqlər Dövlət Mülki Aviasiya Agentliyi daxil olmaqla, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrindən ibarət geniş tərkibli İşçi Qrup tərəfindən həyata keçirilmişdir.
Keçirilmiş monitorinqlər zamanı hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində həyata keçirilən tədbirlərin Dövlət Proqramının məqsədlərinə, milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğunluğu müəyyən edilmiş, icra vəziyyəti və effektivliyi qiymətləndirilmiş, mövcud problemlər və risklər müəyyən edilmiş, habelə bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmışdır.