Nəşrlər

Xəbərlər

DMAA Sinqapurda beynəlxalq aviasiya tədbirlərində təmsil olunub

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsinin İdarə Heyəti sədrinin müşaviri Şahin Abbasov 2026-cı ilin 1-3 fevral tarixlərində Sinqapurda keçirilən “Çanqi Aviasiya Sammiti” və “Sinqapur Hava Sərgisi 2026” tədbirlərində iştirak etmişdir.

Sammit çərçivəsində “Maneələri aşaraq yüksəliş: sabahın aviasiya ekosisteminin qurulması” mövzusunda bir sıra panel müzakirələri həyata keçirilmişdir. Bu panel müzakirələri bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmiş, aviasiya sektorunun çətinlikləri hansı yollarla həll edə biləcəyi, habelə rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni tərəfdaşlıqların qurulması imkanları müzakirə edilmişdir.

Tədbir zamanı cənab Abbasov Sinqapur mülki aviasiyasının son nailiyyətləri ilə tanış olmuş və Sinqapur Mülki Aviasiya İdarəsi, Sinqapur Aviasiya Akademiyasının rəhbərləri, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Toşiyuki Onuma ilə işçi qaydada görüşmüşdür.