2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim böhranı ilə qlobal mübarizədə mühüm mərhələ oldu. Dünya liderləri, ekspertlər və biznes nümayəndələri iqlim maliyyələşdirməsinin gücləndirilməsi, karbon bazarlarının yaradılması və yeni çağırışlara uyğunlaşma məsələlərini müzakirə ediblər.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurasının prezidenti Salvatore Şikitanonun başçılıq etdiyi nümayəndə heyəti COP29-un işində fəal iştirak etmişdir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə beynəlxalq mülki aviasiyanın iqlim dəyişikliyinə təsirinin aradan qaldırılmasında ICAO-nun son nailiyyətlərini təqdim etmək üçün panel müzakirələri keçirilib. ICAO bütün maraqlı tərəflər üçün aviasiya sektorunun davamlı inkişaf məqsədlərinə nail olmaq naminə təmiz enerjidən istifadə və aviasiyanın gələcəyi üçün potensialın yaradılmasında qüvvələri birləşdirmək çağırışını təkrarlayıb.
Bundan əlavə, COP29 çərçivəsində Azərbaycan Respublikası dayanıqlı aviasiya yanacağı sahəsində dəstək, potensialın artırılması və təlimlərin təmini üzrə ICAO proqramına tərəfdaş kimi qoşulub. Müvafiq sənədi RİNN yanında Dövlət Mülki Aviasiya Agentliyinin (Agentlik) direktor müavini Nazim Ziyadov və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo imzalayıblar.
Həmçinin COP29 zamanı Agentlik beynəlxalq mülki aviasiyanın yüksək standartlarına nail olmaq üçün Agentliyin səylərini dəstəkləməyə yönəlmiş əsas təlim kursları üzrə əməkdaşlıq etmək barədə ICAO ilə razılığa gəlib.
COP29-un yüksək səviyyədə təşkili və bu tədbirin Azərbaycan Respublikasında uğurla keçirilməsi cənab Salvatore Şikitano tərəfindən yüksək qiymətləndirilib.